Домой / İKT xəbər / İnternet vasitəsilə əmtəə və xidmətlər sifariş vermiş müəssisələrin sayı artıb

İnternet vasitəsilə əmtəə və xidmətlər sifariş vermiş müəssisələrin sayı artıb

Azərbaycanda bütün ev təsərrüfatlarında televizor mövcuddur. Ötən ilin göstəricilərinə görə, orta hesabla hər 100 ailədən 38-də kompyuter olub. Ümumilikdə ölkə əhalisinin 48 faizi kompyuterdən istifadə edib.  “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ölkədə ev təsərrüfatlarında İKT sistemlərinin mövcudluğu və istifadə olunması barədə göstəriciləri nəzərə çatdıran komitədən bildirilib ki, ev təsərrüfatlarının 53,7 faizinin evdə internetə çıxış imkanı olub. 2012-ci ilin əvvəlinə ev təsərrüfatlarında 764.4 min kompyuter, o cümlədən 608.1 min (79.5 faiz) stolüstü, 156.3 min (20.5 faiz) portativ kompyuterlər (noutbuklar) mövcud olub.

Kompyuteri olan ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında xüsusi çəkisi son bir ildə 30.3 faizdən 38 faizə yüksəlib. Hər 100 nəfərə düşən kompyuterlərin sayı 6.5 ədəddən 8.4 ədədə çatıb. Mövcud kompyuterlərin 625.9 min ədədi və ya 81.9 faizi (2010-cu ildə 85.5 faizi) şəhər yaşayış yerlərinin payına düşür.

Kompyuterlərin 58.1 faizi Bakı şəhərində, 11.1 faizi Naxçıvan, 10.2 faizi Gəncə-Qazax, 6.9 faizi Aran, qalan hissəsi isə digər iqtisadi rayonlarda cəmləşib. 2011-ci ildə ölkədə 15-74 yaş qrupunda olan əhalinin 48 faizi kompyuterdən istifadə edib.

İlin son üç ayı ərzində kompyuterdən istifadə etmiş şəxslərin 61.4 faizi demək olar ki, hər gün, 32.1 faizi həftədə ən azı bir dəfə (lakin hər gündə deyil), 3.6 faizi ayda ən azı bir dəfə, 2.9 faizi isə yalnız bir dəfə kompyuterden istifadə edib: “Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadənin öyrənilməsi məqsədilə ölkənin bütün regionları üzrə proporsional qaydada, təsadüfi seçmə metodu ilə 10500 ev təsərrüfatı seçilib. 15-74 yaş qrupunda  olan 26.5 mindən çox ailə üzvü arasında sorğu aparılıb.

Sorğu nəticəsində əldə olunmuş məlumatlar regionlar üzrə qruplaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarının əsas infrastruktur göstəricilərindən biri olan telefon rabitəsi ölkə əhalisinin ən çox istifadə etdiyi rabitə vasitəsi olaraq qalır. 2011-ci ildə Azərbaycanda hər 100 ailəyə düşən əsas telefon aparatlarının sayı 75 ədəd təşkil edib”.

Müəssisələrdə İKT-dən istifadənin əsas göstəricilərinə gəlincə, 2011-ci ildə ölkədə 10.2 min müəssisə və ya fəaliyyəti olanların 62.9 faizi kompyuterdən istifadə edib. Kompyuterdən istifadə etmiş işçilərin fəaliyyət göstərən müəssisələrdə işləyən bütün işçilərin siyahı sayında xüsusi çəkisi son bir ildə 15.8 faizdən 18.7 faizə yüksəlib. İl ərzində internetə çıxış imkanı əldə etmiş müəssisələrin sayı 39.6 faiz artıb, orta hesabla hər 3 müəssisədən birinin internetə çıxışı olub.

İnternetdən istifadə etmiş müəssisələrdə çalışmış və internetdən istifadə etmiş işçilərin fəaliyyət göstərən bütün müəssisələrdə işləyən işçilərin siyahı sayında payı 10.3 faiz təşkil edib. Komitədən vurğulanıb ki, ötən il internet vasitəsilə əmtəə və xidmətlər sifariş vermiş müəssisələrin də sayı artıb.

DSK-dan təhsil müəssisələrində kompyuterdən istifadə edənlərin sayının artdığı da bildirilib. Belə ki, kompyuter istifadəçilərinin 46.9 faizi kompyuterdən yaşadığı mənzildə, 19.7 faizi işdə, 22.4 faizi təhsil müəssisəsində, 2.5 faizi başqasının evində, qalan hissəsi digər yerlərdə istifadə edib.

İstifadəçilərin 40.4 faizi 15-24 yaşadək olanlardır. İstifadəçilər arasında yaşı 65-74 yaş qrupunda olan şəxslərin payı 0.1 faizə bərabərdir. Kompyuterdən istifadə edənlərin 54.9 faizi ümumi orta təhsilli, 13.3 faizi orta təhsildən sonrakı qeyri-ali təhsilli, 31.7 faizi isə ali təhsillidir.  

Mənbə:“ICTnews.az”

Оставить комментарий