Ana səhifə / KTƏ / Kompüter arxitekturasının əsas komponentləri

Kompüter arxitekturasının əsas komponentləri

Paylaşmaq!

Kompüter arxitekturasının əsas komponentləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter arxitekturasının əsas komponentləri

Kompüter arxitekturasının əsas komponentləri

“Kompüterin arxitekturası” anlayışı necə yaranıb?

Məlumdur ki, I və II nəsil (1945-1960-cı illər) kompüterlərin aparat və proqram vasitələri bir-birindən asılı deyildir və ayrı-ayrılıqda, müstəqil şəkildə yaradılırdı. III nəsildən (60-cı illərin sonu) başlayaraq kompüterin aparat (ingiliscə, “hardware”) və proqram (“software”) vasitələri vahid bir sistem kimi layihələndirilməyə başlandı. Bu zaman əsas diqqət bu vasitələrin qarşılıqlı əlaqəsinə yönəldilirdi. Bununla da prinsip baxımından yeni olan “kompüterin arxitekturası” anlayışı yarandı.

Kompüterin arxitekturası dedikdə nə başa düşülür?

Kompüterin arxitekturası dedikdə onun məntiqitexniki quruluşu, işləmə prinsipi, əmrlər sistemi və s. başa düşülür.

“Kompüter arxitekturası” (computer architecture) anlayışı ilk dəfə İBM şirkəti tərəfindən İBM 360 seriyalı kompüterlərin işlənib hazırlanması zamanı istifadə edilmişdir və maşın əmrləri səviyyəsində proqram tərtib edərkən proqramçının istifadə edə biləcəyi vasitələrin izahı üçün nəzərdə tutulmuşdur.

“Kompüter arxitekturası” anlayışının həmin dövrdəki anlamı əmrlərin formatını, verilənlərin təqdim olunma formatını, giriş-çıxış sisteminin təşkilini, yaddaşın ünvanlaşdırılması üsullarını və s. əhatə edirdi. Bu zaman hesablama vasitələrinin fiziki quruluşu nəzərə alınmırdı. Həmçinin bu cür arxitektura anlayışı  qurğuların tərkibini, prosessor registrlərinin sayını, yaddaş tutumunu, həqiqi ədədlərin emalı üçün xüsusi blokun mövcud olub olmamasını, mərkəzi prosessorun takt tezliyini və s. nəzərə almırdı.

Müasir anlamda “Kompüterin arxitekturası” dedikdə nə başa düşülür?

Müasir anlamda isə “Kompüterin arxitekturası” dedikdə, aparat-proqram vasitələrinin ümumi prinsipləri və məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikaları başa düşülür.

Kompüter arxitekturasının əsas komponentləri hansılardır?

Kompüter arxitekturasının əsas komponentləri

Kompüter arxitekturasının komponenti kimi aparat vasitələrinə nələr daxil edilir?

  • Kompüterin strukturu — kompüterin əsas qurğuları, onların təyinatı, iş prinsipləri, aralarındakı qarşılıqlı əlaqələr. əlaqələndirmə üsulları və s. nəzərdə tutulur;
  • Yaddaşın təşkili — kompüterin yaddaş qurğuları, onların növləri, təyinatı, iş prinsipi və istifadəsi qaydalarını nəzərdə tutur;
  • giriş-çıxışın təşkili — kompüterlərin əsas vəzifəsi informasiyanın emal edilməsi və onun istifadəçi üçün yararlı vəziyyətə gətirilməsidir. Bu səbəbdən də istənilən kompüter emal olunacaq informasiyanın daxil edilməsi və alınan nəticələrin çıxışa verilməsi qurğuları ilə təmin olunmalıdır. Bu komponent məhz həmin qurğular, onların təyinatı,işləmə qaydaları və onlardan istifadənin əsas prinsiplərini əhatə edir;
  • idarəetmə prinsipləri — kompüterin bütövlükdə sistem kimi idarə olunmasını, eləcə də onun komponentlərinin idarə edilməsinin əsalarını nəzərdə tutur.

Kompüter arxitekturasının komponenti kimi proqram vasitələrinə nələr daxil edilir?

  • Əməliyyat sistemi — sistem proqramlarına aid olub kompüterin işini təmin edən proqramlar kompleksidir. Əməliyyat sistemləri kompüterin konfiqurasiyasının idarə edilməsi; proseslər, axınlar və tapşırıqların idarə edilməsi; yaddaşın idarə edilməsi; giriş-çıxış alt sisteminin idarə olunması; xarici yaddaşın idarə olunması; fayl sisteminin idarə edilməsi; şəbəkələrin dəstəklənməsi; informasiya təhlükəsizliyinin təmin olunması və s. funksiyaların yerinə yetirilməsini əhatə edir;
  • Tətbiqi proqram təminatı- müxtəlif yönümlü məsələlərin həlli üçün yaradılmış proqramlar, onların təyinatı, iş prinsipləri və istifadəsi qaydalarını nəzərdə tutur;
  • Proqramlaşdirma dilləri — hazırkı dövrdə müxtəlif təyinatlı və yönümlü məsələlərin həlli üçün tətbiqi proqramların mövcud olmasına baxmayaraq, bir çox hallarda istifadəçinin özü tərəfindən yeni proqramların tərtibi tələbatı meydana çıxır. Proqramlaşdırma dilləri məhz bu tələbatların ödənilməsi üçün istifadə olunan “alətləri”-proqramlaşdırma dilləri, onların əsas imkanları, istifadə qaydalarını əhatə edir.

İndiki nəsilin bəzi nümayəndələrini çıxmaqla keçmiş və indiki kompüterlərin arxitekturasında məşhur amerika alimi Con fon Neyman tərəfdən 40-cı illərdə təklif edilən prinsiplər əsas götürülür. Başqa sözlə desək, kompüterlər hələ ki, Neyman arxitekturası ilə qurulur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.